− Bir müsahibədə deyirsiz ki, “The Underground Railroad” romanını qələmə almağa 16 il əvvəl qərar vermisiniz. Bu on altı ilin neçə ilini romanın yazılmağına həsr elədiniz? Bu qədər vaxt roman haqqında düşünməyiniz əsərə necə təsir elədi?
− Fikir 2000-ci ildə ağlıma gəldi, yazmağa isə 2014-cü ildə qərar verdim. Süjeti ağlımın bir küncündə püxtələşirdi. Əgər yazmağa daha tez başlasaydım, bu qədər qısa və yığcam alınmayacaqdı. Əgər bir işi iyirmi il müntəzəm görsəniz, mənə elə gəlir o işdə mahir olarsınız, üstəlik, həmin işi fərqli görməyi də öyrənərsiniz.
− “The Underground Railroad” tarixi reallıqlara əsaslanır və quldarlıq dövründə Amerikada bir qaradərilinin amansız həyatından bəhs edir. Əsəri qələmə almadan əvvəl müəyyən araşdırma apardınızmı?
− Əksəriyyətlə ilk mənbələrdən istifadə elədim – qulların öz xatirələrindən və o dövrün qullarından alınan müsahibələrdən yararlandım. Bu mənbələrdə tarix kitablarında keçməyən – taxta ayaqqabılar, qullar arasındakı ünsiyyət və nitqləri və s. – bir çox təfərrüat vardı.
− “The Underground Railroad” romanı təkcə quldarlığa həsr edilməyib. Bu əsər eyni zamanda həm də güclü bir qadının taleyindən söz açır. Koranın süjet boyunca xaraketerində baş verən inkişafı izləmək olduqca maraqlı idi. Niyə məhz bir qadın obrazı seçdiniz? Bunun üstünlükləri və ya əksinə əskiklikləri nələrdir?
− Harriet Ceykobs (Harriet Jacobs) quldarlıqdan bəhs edən məşhur hekayəsində[1] qadın qulların çıxılmaz vəziyyətini – cinsi arzularının predmetinə çevrilməyini, uşaq doğmağa məcbur edilməyini (çünki çoxlu uşaq çoxlu pul demək idi) çox inandırıcı bir formada təsvir edir.
− “The Underground Railroad” romanında bir çox məsələyə toxunulub – qulların apardığı mübarizə, qadınlara edilən zülm, ana-qız münasibətləri. Xüsusilə, uşaq dünyaya gətirmə azadlığından bəhs edən Cənubi Karololina fəslində, feminizmin əlamətlərinə də rast gəlirik. Yoxsa “qadın” romanı yazmağı nəzərdə tutmuşdunuz?
− Mən kitabları “kişi” və “qadın” romanları deyə ayırmıram. Əgər siz əsəri feminist roman kimi görürsünüzsə, mən bununla sadəcə fəxr edərəm.
− Kitabda 1800-cü illərdə qaçaq qulların axtarışı ilə bağlı dərc edilən elanlardan da istifadə etmisiniz. Bu elanları mətnə daxil etməyi niyə vacib bildiniz?
− Fərqli obrazların düşüncələri üstündə işləməkdən, onların nitqini anlamağa çalışmaqdan xoşum gəlir, amma qul axtarışı elanların dili ilə yarışa bilməzdim. Çünki bu elanlarda real insan həyatlarının izləri var. Gerçək həyatdakı bəzi xırda da olsa detallar əsərə can verir.
− Ceyms Bolduin (James Baldwin) bir televiziya verilişində “Bu ölkənin gələcəyi, şübhəsiz ölkədəki qaradərililərin gələcəyindən asılı olaraq ya qaranlıq, ya da işıqlı olacaq”, − deyir. İrqçilik nöqteyi-nəzərdən siz Amerikanın gələcəyini necə görürsünüz?
− Amerika həmişə irqçi olub, hal-hazırda da irqçidir və gələcəkdə də irqçi olacaq.
− “The Underground Railroad” qırxdan çox dilə tərcümə edilib. Pulitser və Amerika Milli Kitab Mükafatı ilə yanaşı, daha bir çox mükafatlara layiq görülüb. Quldarlıqdan bəhs edən bir romanın geniş kütləyə yayılması haqqında nə düşünürsünüz?
− Yazanda bu barədə heç düşünməmişdim, amma zalım və məzlum, hökmranlıq edənlər və hökm edilənlər arasındakı dinamika bəşəriyyət tarixində ən böyük reallıqdır. Bu səbəbdən fərqli mədəniyyətə mənsub oxucular Amerikadan bəhs edən bu romanda öz tarixlərini də görə bilərlər.
− “The Underground Railroad” romanınızla əvvəlki əsərlərinizin ortaq cəhətləri nələrdir, bu romanda hansı yeniliklər eləmisiniz?
− Hər əsərdə fərqlilik ortaya qoymaqdan xoşum gəlir. Bir üslubda yaza bilirsinizsə, bunu təkrarlamağın bir mənası yoxdur? Fərqli janrlarda nələrdən xoşum gəldiyini, hansı fikri çatdırmaq istədiyimi, hansı düşüncələri yıxmağa çalışdığımı anlamağı sevirəm.
− Amerikada, Avropada, hətta bütün dünyada aktual olan irqçilik və ksenofobiya haqqında nə düşünürsünüz?
− Övladlarım var, buna görə də gələcəyin mənim yaşadığım dövrdən daha yaxşı olacağına inanmağa məcburam.
− Romanda bir personaj deyir: “Amerika bir xətadır, özü də ən böyük xəta”. Bu fikirə şəriksiniz?
− Xeyr, amma bu ölkəni quranların bir Amerika idealı var və həyatımız bu idealla təzad təşkil edir.
− Növbəti romanınız nə haqqında olacaq?
− Hadisələrin 1960-cı illərdə, Floridada keçdiyi bir roman üstündə işləyirəm.
www.t24.com.tr
Tərcümə: Mustafa Ruşan
[1] Incidents in the Life of a Slave Girl, Harriet Jackson, 1861