Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Murat Menteş: “Səfeh kimi ölən son nəsil olacağıq!”

Tarix: 04.09.2019 | Bu məqalə 3. 270 dəfə oxunub.

murat-mentesh-sefeh-kimi-olen-son-nesil-olacagiq
O, maraqlı və heyrətamiz romanların müəllifidir. “Dublörün Dilemması”, “Korkma Ben Varım” və“Ruhi Mücerret” kimi kult romanlara imza atan orijinal bir yazıçıdır. Bu dəfə də işıq surəti ilə axan, insanın ağlını başından alan fəlsəfi bir detektiv yazıb. Sürətli, amma ədəbi… Məlumatla dolu, amma asan oxunan… İnsanda maraq oyandıran və heyrətamiz… Üstəlik, çox məzəli, amma insanı düşünməyə vadar edən… Murar Menteş müasir insanı maraqlandıran məsələlərə də toxunub. Bir sözlə, yenə ədəbiyyatın sərhədlərini dağıtmağı bacarıb… 

Roman üstündə çox zəhmət çəkib. 100 min tirajla çap edilib! Belə bir dövrdə belə bir addım atmaq böyük cəsarətdir! Romanı təkcə “menteşsevərlər” deyil, yaxşı roman sevən hamı bəyənəcək. Qarşınızda: Murat Menteş…   

– Son romanın “Antika Titanik” böyük əks-səda yaratdı. Ədəbiyyatın elə bil Tarantinonun Türkiyə şöbəsidir! 

– Təşəkkür edirəm.

– Roman “görkəmli” bir qətliamla başlayır və sən bu qətliamı güclü bir şeiriyyətlə təsvir edirsən. 2019-da düzəldilən yeni Titanikin yalnız qocalardan ibarət olan sərnişinləri qılınc, balta kimi 

ibtidai silahlarla bir-birilərini öldürürlər. Oxuyanda adam “Dayan, görək! Bu nədir belə?!” deyir. 

– (Gülür) Birinci səhifədən belə reaksiya vermisənsə, əladır. Elə istədiyim də budur. İlk səhifədən oxucunun yaxasından yapışıb roman boyunca qaçırmaq istəyirəm. Əlbəttə, gücüm nəyə çatırsa…

Yaxşı romanın ən əsas xüsusiyyəti, məncə, oxuyanda insanda hiss tufanı yaratması…. Oxucuda maraq oyatması, əhvalını yüksəltməsi, onu gərginləşdirməsi, bir sözlə, həyəcanlandırmasıdır…

– Şübhən olmasın, bacarmısan. Bəs zorakılıq? 

– Romanlarda və kinolardakı zorakılıq həyatdakı zorakılıqla eyni deyil. Romanda biri öldürüləndə oxuyucunun əlinə qan bulaşmır.

Əlbəttə, həyatdakı, real zorakılığın əleyhinəyəm.

Amma zorakılığı əsərə lazımi dozada qata bilsən, fikrimcə, oxucuda həyəcan oyandırar, hətta ibrət dərsi də verər.

– Bu cür partlayışlı bir səhnə ilə romana başlamağın səbəbi sırf oxucuda maraq oyatmaqdır?  

– Əlbəttə. Mən oxucunu at arabasına deyil, reaktiv təyyarəyə mindirməyə üstünlük verirəm! İlk cümlə gərək romanın bütün yükünü çəkməyə qadir olsun. Soruşsanız ki, “Bu, mümükdür?!” Bilmirəm, bəlkə də, mümkündür…

Mən “Titanikin dörd bacası qan püskürürdü!” deyə girirəm mövzuya.

İstədim ki, təsvir dinamik, görkəmli olsun.

– Romanı oxuyanda adamın başı fırlanır. Hadisələr elə sürətlə baş verir ki… Amma bir tərəfdən də, insan həzz alır. Oxucuları çatdırmaq istədiyin nədir? “Antika Titanik” Türkiyədir, yoxsa dünya?  

– “Titaniki Tanrı belə batıra bilməz!” deyiblər. Təkəbbürün simvolu sayılıb. Tədricən də fəlakətin, tənəzzülün simvoluna çevrilib. Mənə görə, Titanik, insan həyatında yarımçıq qalan hər şeyi təmsil edir.

İşlərimizi başa vurmadan ölürük. Sevgimiz yarıda qalır, işlərimiz yarımçıq qalır. Planlarımız reallaşmadan gedirik. Nəvələrimizə doymadan…

Demək istədiklərimizi deyə bilmədən… Cümlələr yarımçıq qalır. Titanik limana çata bilmir. Səfəri başa vura bilmirik.

2056-cı ildə feysbukda səhifəsi olan ölülərin sayı diriləri keçəcək. Feysbuk bir növ qəbiristanlıq dəftərinə çevriləcək. Bunu bilirik. Lakin ölüm bir dərd, yaşamaq bir başqa bir dərddir.

– Qarşımda oturub aram-aram danışırsan, amma romanın çox sürətlə axır və çox gülməlidir. Niyə belə? 

– Çünki sənət əsəri acıdan doğulur! İnsanlarla dərd bölüşəndə onları üzməyə məcbur deyilik. Əksinə, dərdimizdən danışanda qarşı tərəfi güldürə biliriksə… Şəxsən mən, buna üstünlük verirəm.

“Antika Titanik”də Refik Risk də elə bu cür deyir: “Mənim dərdlərimə gülmürsünüzsə, başqa nəyə güləcəksiniz?”

YAŞLANDIQCA ÖZ EVİMİZDƏ YADA ÇEVRİLİRİK 

Romanda insanın cavanlıq arzusundan bəhs edilir. Sizcə, biz ölümsüzlüyü axtarırıq? Yoxsa biz cavnlığa sitayişmi edirik?  

– Beş min il əvvəl Gilqameş dastanında da hökmdar ölümsüzlüyü axtarırdı. Yaşama refleksi ən güclü refleksimizdir. Ölümdən var-gücümüzlə qaçırıq. Şəhidlik arzusu belə əbədi həyat arzusundan irəli gəlir!

Müasir elm insan şüurunu digital daşıyıcılara köçürməyə çalışır. Ölənə yeni bir bədən verəcəklər. Hüceyrə bərpası sahəsində xeyli irəliləyiş var.

Təbii yollarla ölməyən “Turritopsis nutricula” adlı meduza kimi uzun ömür can sağlığı ilə yaşaya bilərik. Çox güman 50 ilə ölümün çarəsini taparlar. Biz də, bağışlayın, “səfeh kimi” ölən son nəsil olacağıq (Gülür). Belə görünür!

– Bəs sən nə fikirləşirsən? 

– Müasir dünya tamamən cavanların, hətta uşaqların ətrafında dönür. Mən uşaq ikən evdə atamın sözü keçirdi. Böyüdüm, indi uşaqların sözü keçir. Həyatdır, da!

Artıq qocalıq, yaşlılıq, estetik cərrahiyə və ya kosmetika ilə həll olunası bir problem deyil. Yaşlandıqca öz evimizdə yada çevrilirik. Çünki övladımızı o balaca telefon ekranına niyə saatlarla baxdığını anlamırıq. Bundan əlavə, bizim daha böyük bir problemimiz var.

– Nə problemi?! 

– Gənclərin hörmətini və marağını itirməyimiz yaxşı olmadı! Amma biz də az günahkar deyilik. Maşınlarımızı övladlarımızdan çox sevdik. Az kitab oxuduq. Başqaların dərdləri ilə maraqlanmadıq.

Bir az da xəsislik etdik. İndi də bizdən nümunə götürən uşaqlar bizi eyninə almırlar. Biz buna da təəccüblənirik. Halbuki, buna səbəb yoxdur. İdeoloji kimliyi və başqalarını əzərək əldə edilən nailiyyətləri alqışladığımız üçün bu haldayıq.

Nə tökərsən, aşına, o çıxar qarşına. Gülməli vəziyyətə düşmüşük.

PEŞMANÇILIQ BİR NÖV ÖZÜNÜDƏRKDİR 

– Həyatında peşmançılıqların var?  

– Əlbəttə, var. Həyatda ən böyük faciə insanın ortadakı problemin özündən irəli gəldiyini görməməsidir. Günahı ancaq başqalarında axtarmaq böyük bir nöqsandır. Peşmançılıq bir növ özünüdərkdir.

-“Kaş” deməliyik? 

– Vəziyyətə görə dəyişir. “Kaş” da demək olar, “Günah məndə imiş, səhv eləmişəm, haqqsızlıq etmişəm” də demək olar. Fikirlərini, mövqeyini, sözünü dəyişdirib, səhvini düzəltmək olar.

Beləcə, daha yaxşı insan olarsan… özünlə və başqaları ilə barışarsan. Peşmançılıq faydalıdır.

 - Fikir dəyişdirmək çox adam üçün çətindir. İnsan bir az da utanır. 

– Əgər fikir dəyişdirmirsən, demək, heç fikirləşmirsən. Fikir dəyişdirməyən insanlar “hiyləgərlik mədəniyyətinin” qurbanına çevrilirlər. Biz, deyəsən, ən çox özümüzə hiylə edirik, özümüzü aldadırıq. Yeri gəlmişkən, utanmamaqdan utanmaq lazımdır.

İNCƏSƏNƏT INSANLARI BİR-BİRİNƏ YAXINLAŞDIRIR 

– Bu romanları ssenarist kimi yazırsan? Bu qədər hadisəyə, hərəkətə, macəraya necə istiqamət verirsən? 

– Asan deyil. Çoxlu qeydlər alıram. Süjet, obrazlar, dialoqlar, təsvirlər… “Antika Titanik”i yazanda 3 min səhifədən çox qeyd almışdım. Zarafat eləmirəm.

– Ən yaxşı romanın budur? 

– Bu ən çox zəhmət çəkdiyim romandır. Amma, söz yenə də oxucunundur.

– Romanda siyasət yoxdur, amma bir mövqeyin ifadəsi var. 

– Bir roman iki insanın münasibətlərini yaxşılaşdırırsa, bu, əladır. Mən ayrı-seçkiliyin, təcridin, təzyiqin əleyhinəyəm. Başqalarının xoşbəxtliyindən niyə narahat oluruq?

Düşmənsiz həyat yaşayaq. Həm şükür eləməyi, həm də haqsızlığa etiraz etməyi bacaraq.

SƏNIN ANAN DAHİ İDİ, BALAM 

– Bu romanın Türkiyəni maraqlandıran cəhəti yoxdur? 

– Baş qəhrəman Refik Risk fəlsəfə üzrə professordur. Bir az dəlisov və məzəli adamdır. Amma “düşünür”. Türkiyəni maraqlandıran da, bax, budur.

– Biz daha düşünmürük? 

– Təəssüf ki, fəlsəfə ilə aramıza məsafə qoymuşuq! Buna görə də, tariximizdə, siyasətimizdə, iqtisadiyatımızda, memarlığımızda, insani münasibətlərimizdə, ədəbiyyatımızda məsuliyyətsizliyin izləri görünür.

Dürüstlüyü, xeyirxahlığı və gözəlliyi anlamaq, yaratmaq, görmək, yaşatmaq üçün kifayət qədər cəhd göstərmirik. Məsələn, həyatı bir kənara qoyaq, niyə romanlarımızda, filmlərimizdə, heç “dahi” yoxdur?

“Sənin anan mələk idi” deyir Yeşilçam filmlərində. Zarafatla da olsa: “Sənin anan dahi idi, balam” – deyən olmadı, indiyədək. Bu acınacaqlı, deyil?

Bir cəmiyyətdə dualizm, əleyhdarlıq, kəm gözlülük varsa, orada inkişafdan söz gedə bilməz… Qruplaşma varsa, demək biz geri gedirik.

– Ümidsizsən? 

– Əksinə, çox ümidliyəm. Əhval-ruhiyyəm də, yerindədir. Gənclər asanlıqla Türkiyədə hər şeyi qaydasına qoyan bir smartfon aplikasiyası hazırlaya bilərlər. Amma biz, hələ də “vaxtı keçmiş” məsələlərlə məşğuluq.

KAPİTALİZM SEVGİNİ MƏHV ETDİ 

– Əvvəlki kitablarında sevgi bu qədər qabarıq deyildi. Oradakı məktublara, söz ola bilməz… 

Yəqin, həyatında da belə bir məhəbbət var. Yoxsa, bu ülvi hisləri necə ifadə etmək olar? 

– Kitabda Şifa Şevk: “Məhəbbətin müharibədən fərqi yoxdur və mən məhəbbəti vicdanən rədd edənlərdənəm” deyir. Müasir həyatda sevgililərin diqqətləri çox dağınıqdır.

Kim kimi, nə səbəbə, nə qədər sevir bilinmir. Sevgililər, elə bil, bir-birilə deyil, cəmiyyətlə, ticarət mərkəzləri ilə, sosial media ilə ünsiyyət qururlar.

“Sevginin gücü”nü də təhrik edilən insanlar rəqabətdə istifadə edirlər. 1970-ci illərin internetsiz, televiziyasız dünyasında məhəbbət indikindən daha etibarlı bir hiss idi. İndi kimsə kimsəyə lazımi qədər diqqət yetirmir.

Halbuki, məhəbbət diqqət tələb edir. Araya reklamlar girir. Kapitalizm, sevgini məhv etdi! Mənim həyatım da indiki həyat kimidir.

Həqiqi sevgi Neşet Ertaşa qulaq asanda, şeir oxuyanda, romanlarda qarşılaşdığımız şeydir. Yəni, necə ki, həqiqi zorakılıq həyatımıza giribsə, elə də həqiqi sevgi xəyali əsərlərdə qalıb!

Şəfqət azalandan bəri, bu, belədir. İtlərlə, pişiklərlə daha yaxşı ünsiyyət qururuq, çünki onlar mobil telefondan istifadə eləmirlər. Pəncəsini tutub salamlaşanda başqa yerə deyil, sizə baxırlar.

NÖQSANSIZ ROMAN QƏHRƏMANI MÜKƏMMƏL OLA BİLMƏZ 

– Refik Risk çox ağıllı olmaqla yanaşı, həm də qəribə insandır. Marko yaddaşını itirib. Şifa Şavk xətalar edir. Amma oxuyanda onlardan xoşumuz gəlir. 

Niyə nöqsanlarına baxmayaraq, onlardan xoşumuz gəlir? 

– “Nöqsansızlıq” xoşagəlməz bir şey olduğuna görə…  Roman qəhrəmanın gərək “nahamar” bir cəhəti olsun. İnandırıcı və səmimi olmaq bir az nöqsanla, əskikliklərlə mümkündür.

Anna Karenina, Don Kixot, Raskolnikov… hamısı nöqsanları olan obrazlardır. Nöqsansız roman qəhrəmanı mükəmməl ola bilməz!

– Romanda cinayət, gənclik, ölüm, inanc, sevgi, sədaqət, həzz kimi mövzulara fəlsəfi aspektdən yanaşmısan. 

Niyə? Səncə, fəlsəfə ilə ən yaxşı ahəngdə olan sənət romandır? 

– Bəli. Məncə, fəlsəfi bünövrəsi olmayan, fəlsəfi sayılmayan, fəlsəfə ilə hesablaşmayan romanı “mühüm və ciddi” saymaq olmaz. Çünki fəlsəfə insanın özünə “mühüm” məsələlərə dair “ciddi” suallar verməsidir…

Yəni öz ağlı ilə düşünməsidir… Roman yazıçıları ilə filosoflar arasında yaxınlıq var. Nitsşe Dostoyevskidən təsirlənmişdir. Tolstoy isə ilhamını Şopenhauerdən alıb.

İhsan Oktay Anarın əsərlərinin ən bariz xüsusiyyəti tarixi-fantastik janrda olmasında deyil, fəlsəfi olmasıdır.

– “Antika Titanik” eyni zamanda detektivdir. Detektiv bir nəfərə “Səni öldürdülər, qatili birlikdə tapmalıyıq”, – deyir. Bu, necə detektivdir? Qurbanı yaşayır! 

– (Gülür) Həmişə qatil yaşayası deyil ki! Öldürülən nəinki diri və sağlamdır, yaddaşını da itirdiyinə görə vəziyyət yaman qarışıqdır.

– Roman qəhrəmanlarından biri: “İnsanların əksəriyyəti şəxsi mənfəəti ilə üst-üstə düşməyən düşüncəni başa düşmürlər”, – deyir. Sən, nə düşünürsən?

Bir az haqlıdır! Mənə elə gəlir, başqalarını düşünmək üçün özümüzdə güc tapa bilmirik. Və qorxuruq. Qorxu isə bizi həm aciz, həm də xudbin edir.

Qorxu düşüncələri, sözləri, digər bütün hisləri, hətta refleksləri belə təzyiq altında saxlayır. Qorxan insanlar qeyri-adi işlər görə bilməzələr.

– Səncə, 300 il sonra tarix kitabları bu dövrü necə təsvir edəcək? 

– “Eyni anda həm fəzilətli, həm də xoşbəxt ola bilmədilər” deyəcəklər. Bizi “Diqqətə layiq olmayan insanlar”  kimi görəcəklər.

Fotoqraf: Emre Yunusoğlu 

Çevirdi: Mustafa Ruşan

Hurriyet.com.tr 

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın


Copy Right © 2013
Bütün hüquqları qorunur.