“Uşaq ürəyi”nin saflığı
Tarix: 03.09.2019 | Bu məqalə 1. 284 dəfə oxunub.Müəllif: Günel Rəcəb |
Edmondo de Amiçis – italiyalı yazıçı, jurnalist və şair 21 oktyabr 1846-cı ildə Pyemontda anadan olmuş, Kuneo məktəbində, Turin liseyində təhsil almışdı. On altı yaşında Modenada hərbi məktəbə daxil olmuş, Avstriya-Prussiya-İtaliya müharibəsində iştirak etmişdi. Lakin müharibə dəhşətləri onu sarsıtmış, Florensiyada “Hərbi hekayələr” (1868) adlı qısa hekayələr silsiləsini çap etdirsə də, hərbiçi olmaq fikrindən daşınmışdı. 1870-cı ildə de Amiçis Roma nəşriyyatı olan “la Nazione”də işə düzəlir. Bu nəşriyyat üçün İspaniya, Türkiyə, Mərakeş və İngiltərə haqqında yol qeydlərindən ibarət oçerklər yazır.
De Amiçisin “Costantinopoli” adlı Türkiyə qeydlərindən ibarət kitabı Beynun Akyavaş tərəfindən “İstanbul” adı ilə türkcəyə tərcümə edilir. Kitab “Gəliş”, “Beş saatdan sonra”, “Qalata”, “Böyük Çarşı”, “İtlər”, “Mətbəx”, “Quşlar”, “Hərəmağaları”, “Türk qadınları” və “Məscidlər” kimi altmış üç fəsildən ibarətdir. “Gəliş” adı ilə başlayan və fotoşəkillərlə zənginləşdirilmiş 454 səhifəlik bu əsər “Şərqdəki gözəl röyam sona yetdi” cümləsi ilə bitir.
Edmondo de Amiçisin, tərcüməçi İmanyar Quliyevin qeyd etdiyi kimi, “şah əsəri, klassik uşaq ədəbiyyatının nadir nümunəsi 17 oktyabr 1886-cı ildə qələmə aldığı “Uşaq ürəyi” (Məktəblinin qeydləri) povestidir. Əsər 2019-cu ilin aprel ayında “Fabula” nəşriyyatı tərəfindən nəşr olunub. Kitabın üz qapağını fotoqraf Pip Bekonun uğurla seçilmiş fotosu bəzəyir. Tərcüməçi əsəri bu cür qiymətləndirir: “Bu kitabda hər şey var: valideyn sevgisi, vətən məhəbbəti, xeyirxahlıq, dostluqda vəfa, elmin dəyəri, çalışqanlıq, zəhmətin ucalığı… ən əsası da hadisə və təsvirlərə uşaq ürəyinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub… həyat uşaqların gözündə necə də gözəl və mənalıdır”.
Təsadüfi deyil ki, əsər varlı və ziyalı Turin ailəsindən olan məktəbli oğlanla bağlıdır. Baş qəhrəman – balaca Enriko məktəbdə baş verənləri, ailə söhbətlərini və şəhərdəki hadisələri gündəliyinə yazır. Povestin əsas süjeti məktəblilinin qeydlərində öz əksini tapır. Bu qeydlərdə göstərilir ki, müəllim uşaqlara “aylıq hekayələr” yazdırır. Bir-birindən təsirli bu doqquz hekayə böyük ürəyə sahib balaca qəhrəmanlar haqqındadır. Müəllif bu hekayələrdə vətənpərvərlik, cəsarət, dürüstlük, fədakarlığı təbliğ edir. De Amiçis insan qəlbinə müraciət edən yüksək mənəvi dəyərləri aşılayır. Aylıq hekayələrdən başqa povestdə ata və ananın məktubları da verilir. Məktublar vasitəsilə müəllif kiçik qəlblərə təsir etmək, ən təmiz, saf duyğular oyatmaq, onları bəşəri sevgi və mərhəmət ruhunda tərbiyə etməyə çalışır. Əsərin mövzusunu məktəb həyatı, təhsil sistemi təşkil edir. De Amiçis üçün məktəb müəllimi İtaliyanın ən hörmətli və vacib simasıdır: “Müəllim insanın ən şərəfli adıdır”.
Əsərdəki müəllimlər öz fədakarlığı və zəhmətkeşliyi, mehribanlığı və ciddiyyəti ilə seçilən nümunəvi insanlardır. “Atamın müəllimi” fəslində yazıçı bütün ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş müəllimin acınacaqlı vəziyyətini təsvir edir. “Çılpaq divarlar, yoxsul yataq, bir parça çörək, bir şüşə yağ pəncərədə. Bir insanın 60 illik işiylə əldə etdiyi bütün şey budur” deyə qoca kişini ziyarət etdikdən sonra balaca Enriko düşünür. Məktəb isə güclü və zəifin, varlı və kasıbın bir yerdə oxuduğu, bir-birinə hörmət etməyə məcbur olduğu yerdir. “Kömürçü və senyor” fəslində isə insani dəyərlər sosial bərabərsizliyə qalib gəlir. “Səfalət və elm” isə Korettinin timsalında öyrənmək həvəsi, əzmkarlıq təbliğ edilir. Uşaqlar bir-birinin evinə gedir, bir-birini yaxından tanıyırlar. Bu vasitə ilə müəllif oxucunu obrazlarla daha yaxından tanış edir. Povestdə yalnız uşaqların bir-biri ilə deyil, müəllimlərlə, öz valideynləri ilə münasibətləri təsvir edilir. Aylıq hekayələr, Enrikonun valideynlərinin məktubları vasitəsilə ilə münasibət və davranışlara düzgün istiqamət verilir. Uşaqlara əsgərlərə, zəhmətkeş insanlara rəğbət hissi aşılanır. Bu əsəri yalnız uşaqlar və yeniyetmələr yox, müəllim, valideynlər, bütün insanlar oxumalıdır. Mürəkkəb münasibətlər, laqeyd insanlar əsrində bu əsər uşaqlara da, böyüklərə də sevməyi və hörmət etməyi öyrədir. “Uşaq ürəyi”nin saflığı hər yaşda insana təsir edə, onu arındıra bilər!
Bu məqalə haqqında şərh yazılmayıb.
Şərh yazın